Azərbaycanda ilin idmançısı kimdir? - Oxu.Az-ın versiyası
В закладки
Azərbaycanda ilin idmançısı kimdir? - Oxu.Az-ın versiyası

Azərbaycanda 2019-cu ilin başa çatmasına artıq dörd gün qalıb. İdman ölkəsi olan Azərbaycan atletləri son statistikaya görə beynəlxalq yarışlarda 775 medal qazanıb. Bunlardan 271-i qızıl medaldır.

Bu ildə bir çox idmançılarımız çıxışları ilə gündəmə düşməyi bacardı, bəziləri isə gözlənilənin əksinə, çıxış etmələri ümidlərimizi puç etdi.

Bəs bu ildə hansı idmançılarımız daha çox uğurları ilə diqqəti öz üzərinə çəkdi. Bu münasibətlə Azdaily.az ənənəvi olaraq ilk “10-luğ”u tərtib edib. Beləliklə, sondan yuxarıya doğru siyahını təqdim edirik.10. Ruslan Lunyov (atıcılıq) – İradə Aşumovanın oğlu Fransanın Şatoru şəhərində keçirilən güllə atıcılığı üzrə Avropa Kubokunda böyükçaplı tapançadan 25 m məsafəyə atəşaçmada bütün rəqiblərini üstələyərək qızıl medal qazandı. İtaliyanın Bolonya şəhərində keçirilən Avropa çempionatında isə qızı medal qazanmaqla həm də Tokio Olimpiadasına lisenziyanı təmin etdi.

9. Rostislav Pevtsov (triatlon) – İspaniyada akvatlon üzrə dünya çempionatında və Portuqaliyanın Funşal şəhərində keçirilmiş Avropa Kubokunda sprint üzrə birinci yeri tutdu. Qitə birinciliyində üçüncü yeri tutan ukraynalı legionerimiz I Dünya Çimərlik oyunlarında həm fərdi yarışda bürünc, qarışıq yarışda gümüş medal qazandı.

8. Cəbrayıl Həsənov (güləş) – Üçüncü dəfə Avropa çempionu oldu. Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında ikinci yeri tutdu. Lakin qeyri-olimpiya çəkisində çıxış etdiyindən, bu ona lisenziya qazanmağa imkan vermədi. İlin son yarışında “İran Mol” komandası ilə klublararası Dünya Kubokunun qalibi oldu.

7. Hacı Əliyev (güləş) – Üçqat dünya çempionumuz Buxarestdəki qitə çempionatının qalibi olmaqla ilə yaxşı başladı. O, Minskdə keçirilən II Avropa Oyunlarında da qızıl medala yiyələndi. Hacı “İran Mol” komandası ilə klublararası Dünya Kubokunun qalibi də oldu.

6. Nazim Babayev (atletika) – üçtəkanla tullanma üzrə qapalı manejdə keçirilən Avropa çempionatında və Neapolda keçirilən Universiadada qızıl medal qazandı. O bu il 23 yaşadək qitə birinciliyində də ikinci yeri tutdu.

5. Şərif Şərifov (güləş) – Dağıstanlı legionerimiz Avropa çempionu oldu. Olimpiya çempionumuz dünya birinciliyinin gümüş medalını qazanmaqla Olimpiadaya vəsiqə qazanan iki güləşçidən biridir.

4. Milad Beiqi (taekvondo) – Mançester şəhərində ikinci dəfə dünya çempionu oldu. Olimpiya mükafatçımız olan iranlı legionerimiz bu il iki Qran-Pridən medalla qayıtdı. Əvvəlcə Yaponiyanın Çiba şəhərində qızıl qazanan Milad daha sonra bu ay Moskvada final mərhələsində gümüş medala yiyələndi. O bununla da Tokio Olimpiadasına Azərbaycan üçün 11-ci lisenziyanı qazandırdı.

3. Teymur Rəcəbov (şahmat) – Məşhur şahmatçımız bu il yeganə uğurla yadda qaldı. Lakin onun qazandığı Dünya Kuboku Azərbaycanın şahmat tarixinə düşdü. Bununla da o, İddiaçılar Turnirinə vəsiqə qazandı.

2. Şahmat üzrə qadınlardan ibarət komandamız – Düzdür, bu komandamız Avropa çempionatından nə qızıl, nə də gümüş medalla qayıtmadı. Lakin onların Batumidəki qitə çempionatında qazandığı bürünc medal 27 il sonra qazanılmış tarixi nəticəni təkrarlamış oldu.

1. Mariya Stadnik (güləş) – Avropa çempionatında iştirak etməyən ukraynalı legionerimiz əvvəlcə II Avropa Oyunlarının qızıl medalını qazandı. O daha sonra Nur-Sultandakı dünya çempionatında qızıl medala sahib çıxdı. Bu onun 10 il sonra gələn ikinci dünya çempionluğu oldu. Üçqat Olimpiya mükafatçımız, ikiqat dünya və yeddiqat Avropa çempionumuz son nəticə ilə Tokio Olimpiadasına Azərbaycandan vəsiqə qazanan ilk güləşçimiz adına yiyələndi.
лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно