Zəngəzur dəhlizi regionun inkişafında strateji əhəmiyyət kəsb edir
В закладки
Zəngəzur dəhlizi regionun inkişafında strateji əhəmiyyət kəsb edir


Ömərova Ülviyyə Bəxtiyar qızı
YAP Səbail rayon təşkilatında kompyuter mütəxəssisi, rayon Gənclər Birliyi Şurasının üzvü

ZƏNGƏZUR DƏHLİZİ REGİONUN İNKİŞAFINDA STRATEJİ ƏHƏMİYYƏT KƏSB EDİR

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin artıq aparıcı beynəlxalq təsisat kimi fəaliyyəti dünyada sülh, əməkdaşlıq, təhlükəsizlik və sabitlik işinə xidmət edir. Mayın 21-də Mərkəzin təşkilatçılığı ilə “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələr keçirildi. Videoformatda keçirilən müzakirələrdə Prezident İlham Əliyevin çıxış etməsi, həmçinin müxtəlif ölkələrdən olan ictimai, siyasi xadimlərin suallarını cavablandırması Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etdi. Dövlətimizin başçısı regionda yeni perspektivlər və yanaşmaların meydana çıxdığını vurğuladı və bütün bunların Cənubi Qafqazda fəal əməkdaşlıq və inteqrasiya mühiti yaratdığını nəzərə çatdırdı.

Ümumiyyətlə, Vətən müharibəsində qazanılan Qələbə ölkəmizin və regionun sürətli inkişafı üçün əsaslı zəmin yaradıb. Azərbaycan xalqının Qələbəsi dövlətimizin iqtisadi, siyasi gücünün, eləcə də beynəlxalq mövqelərinin artmasının məntiqi nəticəsidir. Eləcə də, Azərbaycan 44 günlük Vətən müharibəsindəki Zəfərindən sonra regionda yeni reallıqlar formalaşdırıb. Dünyanın inkişaf etmiş güclü dövlətləri və beynəlxalq təşkilatlar, siyasi mərkəzlər bu reallığı qəbul edərək, ölkəmizlə əməkdaşlıq üçün təşəbbüslər irəli sürürlər. Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz haqqını bərpa edərək, bütün dünyaya güclü dövlət olduğunu göstərdi. Artıq Cənubi Qafqaz regionu dedikdə, ağıla ilk gələn Azərbaycandır. Azərbaycan, sözün əsl mənasında, regionun güclü dövləti, başqa sözlə desək, yeni güc mərkəzidir. Şübhəsiz ki, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və uzaqgörən, eyni zamanda, qətiyyətli siyasət nəticəsində Azərbaycan dövləti bu uğurlara nail olmağı bacarıb. Dövlətimizin başçısı konfransda iştirakçıların diqqətinə çatdırdı ki, Azərbaycan sülhün tərəfdarıdır. Bu, bir daha onu deməyə əsas verir ki, Azərbaycan regionda qan tökülmədən beynəlxalq layihələrin reallaşmasında əsas oyunçudur. Təbii ki, işğalçı Ermənistan bu kimi layihələrin reallaşmasını istəmir. Onlar bütün imkanlarından istifadə edərək, Azərbaycana qarşı təxribatlar həyata keçirirlər. Ancaq onlar dərk etmirlər ki, bu layihələrin reallaşması bütün region, o cümlədən, Ermənistanın özü üçün böyük dividendlər gətirə bilər.

Qeyd etmək lazımdır ki, regional əməkdaşlığın qurulması üçün iqtisadi layihələr mühüm əhəmiyyət kəsb edir. Belə ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin müzakirələrində haqlı olaraq bildirildi ki, Azərbaycan tərəfindən enerjinin Avropaya çatdırılması, tarixi layihə olan Cənub Qaz Dəhlizinin tamamlanması respublikamızın yeni inkişaf mərhələsinə daxil olmasını şərtləndirməklə bərabər, həm də ölkəmizin maliyyə, siyasi və texniki baxımdan nəyə qadir olduğunu bütün dünyaya göstərdi. Müzakirələrdə maraq doğuran digər bir məqam isə Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün Azərbaycan tərəfindən fəal dəstəklənməsi ilə bağlı fikirlərin Nizami Gəncəvi Beynəlxalq platformasından səsləndirilməsi oldu. Bildirildi ki, Asiyanı Avropa ilə birləşdirmək kontekstində sözügedən layihə beynəlxalq gündəliyin mühüm hissəsidir. Azərbaycan öz ərazisində bütün zəruri nəqliyyat layihələrini tamamlayıb və təşəbbüs çərçivəsində Asiya və Avropadakı tərəfdaşlarla mühüm bağlantılar yaradıb.

Bununla yanaşı, tədbirdə Prezident İlham Əliyev çıxışı və suallara cavabları ilə bir sıra digər mühüm məsələlərə də aydınlıq gətirdi. Dövlətimizin başçısı Qarabağın Rusiya ilə ABŞ arasında mövcud nadir əməkdaşlıq mövzularından biri olmasını diqqətə çatdırdı. Bildirildi ki, Rusiya və ABŞ Minsk qrupunun həmsədrləri kimi demək olar ki, 30 il ərzində Azərbaycanla Ermənistan arasında fəal danışıqlar prosesinin bir hissəsi olublar. ABŞ-la Rusiya arasında əlaqələrin çox aşağı səviyyədə olduğu indiki vaxtda belə bu ölkələrin fəaliyyətində Qarabağ mövzusu aktuallığını itirməyib. Bütün bunlarla bərabər, Azərbaycan-ABŞ münasibətlərinin böyük potensialı və perspektivi var. Əməkdaşlığın vacib sahəsi enerji təhlükəsizliyidir. ABŞ ölkəmizə hər zaman iri enerji layihələrinin icrasında yardımçı olub, neft-qaz kəmərləri və ya Amerika şirkətlərinin sərmayə qoyuluşu məsələlərində Azərbaycanı daim dəstəkləyib. Əməkdaşlıq sahələrində müasir texnologiyalar və ticarət məsələləri də xüsusi yer tutub.

Həmçinin, Dövlətimizin başçısı Azərbaycan-İsrail münasibətləri ilə bağlı bildirdi ki, hər iki ölkə arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan-İsrail fəal ticarət tərəfdaşlarıdır. Onlar arasında ticarətin həcmi getdikcə artır. Bu ölkələrin maraq dairəsində olan sahələrdən biri də turizmdir. Pandemiyadan əvvəl Azərbaycan ilə İsrail arasında müntəzəm gündəlik uçuşlar həyata keçirilirdi, qarşılıqlı səfərlər reallaşdırılırdı. Çünki İsraildə böyük yəhudi-azərbaycanlı icması var, Azərbaycanda isə regionun ən çoxsaylı fəal yəhudi icması mövcuddur. Azərbaycanın yəhudi icması Azərbaycan-İsrail ikitərəfli münasibətlərində çox önəmli rol oynayır. Azərbaycanın fəal yəhudi vətəndaşları tərəfindən isə iki ölkə arasında münasibətlərin daha da güclənməsi istiqamətində önəmli layihələr gerçəkləşdirilir. Bütün bunlarla bərabər iki ölkə arasında müdafiə sənayesi ilə əlaqədar əməkdaşlıq da xüsusi yer tutur.

Beləliklə, göründüyü kimi Azərbaycan Şərq-Qərb, Cənub-Şimal nəqliyyat dəhlizlərində fəal iştirak edir və əməkdaşlığa, eləcə də regionun vahid gələcəyinin planlaşdırılmasına açıqdır. Qazanılan Qələbə ölkənin yeni iqtisadi inkişaf mərhələsinin əsasını qoydu. Qarabağ bölgəsinin iqtisadiyyatımızda, qeyri-enerji sektorunda, eləcə də nəqliyyat sahəsində mühüm töhfələri olacaq. Ölkəmiz artıq çox mühüm təşəbbüslərlə çıxış edib. Bu, xüsusən də kommunikasiyaların və Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Zəngəzur dəhlizi regionun inkişafında strateji əhəmiyyət kəsb edir. Artıq Zəngəzur dəhlizinin açılması 3 ölkənin Birgə Bəyanatının məğzi olmaqla yanaşı, həm də zamanın tələbidir. Zəngəzur dəhlizi ümumilikdə Türk dünyasının inkişafına yeni nəfəs verəcək. Bu Türkiyə istehsalı məhsulların yeni bazarlara birbaşa çıxarılması və bu bölgədəki təsir dairəsi üçün yeni imkanlardır. Üstəlik bu bölgə yalnız Azərbaycanla məhdudlaşmır, bura Orta Asiya da daxildir. Beləliklə, nəticədə Türk məhsulları Xəzər sahillərindəki ərazilərə ixrac olunur və Qazaxıstana çatdırılır, Qazaxıstan və Türkmənistan vasitəsilə ilə Özbəkistan, Qırğızıstan bazarlarına daxil olur. Türk dünyası üçün bu həqiqətən də vacib məsələlərdir.

Bu dəhliz, həmçinin Qərbdən Şərqə uzanan ticarət yollarının mayakına çevriləcək. Bu səbəbdən də Zəngəzur dəhlizi Azərbaycanın milli maraqlarına tam cavab verir. Üçtərəfli Bəyanatın 9-cu bəndində göstərilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Bəyanatın bu bəndi Zəngəzur dəhlizinin reallaşması istiqamətində Azərbaycan üçün hüquqi zəmin yaradır. Yəni, Ermənistan bu dəhlizin açılması üçün üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Bu, baxımdan Ermənistan bölgədəki ölkələrlə sıx əməkdaşlıq etmək istəyirsə, sülh istiqamətində əməli və ciddi addımlar atmalıdır. Bu gün Ermənistanın daxili siyasətinə, oradakı mövcud vəziyyətə nəzər yetirdikdə görürük ki, bu ölkədə revanşist qüvvələr hələ də qalmaqdadır. Onlar hələ də revanşist düşüncə, revanşist ritorika ilə çıxışlar edirlər. Həm hazırlanan əməkdaşlıq platformaları çərçivəsində, həm də 10 noyabrda imzalanan üçtərəfli Bəyanatda yeni dəhlizlərin yaradılması, əlaqələrin qurulması əks olunub və Ermənistan buna hazır olmalıdır. Ermənistan mahiyyətcə terror ölkəsindən sivil dövlətə çevrilmək, bölgənin digər ölkələri kimi inkişaf etmək istəyirsə, soyuqqanlılıqla, sağlam düşüncə ilə qərar verməlidir. Onun bu istəkləri Azərbaycandan, ölkəmizlə sülh müqaviləsinin imzalanmasından keçir. Buna görə də gələcək naminə yeni əməkdaşlıq gündəliyi müəyyən olunmalıdır.

Zəngəzur dəhlizi regionun inkişafında strateji əhəmiyyət kəsb edir
Zəngəzur dəhlizi regionun inkişafında strateji əhəmiyyət kəsb edir

лучший сайт где можно скачать шаблоны для dle 12.0 бесплатно